Zelenski Vatikanda Trampdan nə istədiyi bəlli oldu

Ukrayna prezidenti Vladimir Zelenski Vatikanda ABŞ prezidenti Trampla son görüşündə vacib bir istəyini dilə gətirib. 

The Economist jurnalının məlumatına görə, Zelenski Trampdan Ukrayna münaqişəsinin sülh yolu ilə həlli prosesindən geri çəkilməməsini xahiş edib.

Ukraynalı rəsmilərin bildirdiyinə görə, Zelenski Trampa 15 dəqiqəlik qısa, lakin güclü bir mesaj çatdırmağa çalışıb. Bu mesajda Ukraynanın qeyd-şərtsiz atəşkəsə hazır olduğu, lakin Rusiyanın bu addıma qarşı çıxdığı vurğulanıb.

Zelenskinin sözlərinə görə, Tramp yalnız onun təşəbbüsü ilə mümkün ola biləcək sülhdən əl çəkməməlidir.

Bu arada Britaniyanın “New Statesman” nəşri isə Zelenskinin ərazi güzəştlərinə razı olmamasını münaqişənin uzanmasının əsas səbəblərindən biri kimi qiymətləndirib. Nəşr qeyd edir ki, son sülh danışıqları daha çox Rusiyanın maraqlarına xidmət edib.

Həmçinin Amerika Universitetinin Nüvə Tədqiqatları İnstitutunun direktoru Peter Kuznikin fikrincə, Ukrayna istər-istəməz ərazi güzəştlərinə getməli və NATO-ya üzvlükdən imtina etməlidir. Kuznik bunu “acı həbi udmaq” kimi qiymətləndirir.