Ukrayna Prezidenti Vladimir Zelenski Sumı Regional Hərbi Administrasiyasının rəhbəri Vladimir Artyuxu vəzifəsindən azad edib. Bu barədə yerli media orqanları məlumat yayıb.
Strana.ua-nın yazdığına görə, qərar Ukrayna hökuməti tərəfindən də dəstəklənib. İddia olunur ki, Artyuxun vəzifədən azad edilməsi aprelin 13-də Sumı şəhərində baş vermiş hərbi insidentlə bağlıdır.
Ukrayna mediası bildirir ki, həmin gün Sumıda hərbçilərin mükafatlandırılması tədbiri keçirilib və bu barədə məlumatların sızması nəticəsində Rusiya Silahlı Qüvvələri əraziyə iki "İsgəndər-M" raketi ilə zərbə endirib. Rusiya Müdafiə Nazirliyi açıqlamasında hücum nəticəsində 60-a yaxın Ukrayna əsgərinin həyatını itirdiyini bildirib.
Hadisə ictimaiyyətdə geniş rezonans doğurub. Ali Radanın keçmiş deputatı İqor Mosiyçuk və hazırkı deputat Maryana Bezuqlaya məsələ ilə bağlı açıqlamalar veriblər. Onların sözlərinə görə, sızma nəticəsində hərbi personalın yeri əvvəlcədən müəyyən edilib və nəticədə faciə baş verib.
Deputat Bezuqlaya Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırskiyə müraciət edərək məsuliyyətli şəxslərin cəzalandırılmasını tələb edib. O, bu cür hallar zamanı hərbçilərin həyatının təhlükəyə atılmasının və cəzasız qalmasının yolverilməz olduğunu bildirib.