Zelenski İstanbulda Putinlə birbaşa danışıqlara hazır olduğunu açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski bu gün Telegram kanalında mühüm açıqlama verərək, Rusiya ilə birbaşa danışıqlara hazır olduğunu bəyan edib. O, danışıqların İstanbulda baş tuta biləcəyini bildirib və ABŞ prezidenti Donald Trampın təşəbbüsünü dəstəklədiyini vurğulayıb.

"İndicə prezident Trampın bəyanatını eşitdim. Çox vacib sözlər dedi. Mən prezident Trampı Putinlə birbaşa danışıqlar ideyası ilə dəstəklədim. Açığı dedim ki, görüşə hazıram, Türkiyədə olacam. Ümid edirəm ki, ruslar bu görüşdən yayınmayacaqlar. Təbii ki, biz Ukraynada hamımız istərdik ki, prezident Tramp da orada bizimlə – Türkiyədəki bu görüşdə olsun", – deyə Zelenski bildirib. 

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların mayın 15-də İstanbulda keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. O, bu görüşün münaqişənin diplomatik yolla həllinə doğru dönüş nöqtəsi ola biləcəyini qeyd edib və özünün də İstanbula şəxsi səfər etməyi nəzərdən keçirdiyini açıqlayıb.

İstanbulda planlaşdırılan bu görüş, əgər baş tutarsa, Ukrayna-Rusiya müharibəsinin gedişatında ciddi mərhələ sayıla bilər. Zelenskinin və Trampın bu cür təşəbbüsləri, beynəlxalq ictimaiyyətin də diqqətini növbəti dəfə regiona yönəldəcək.