Ukrayna prezidenti Vladimir Zelenski Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün Romaya gəlib. Bu barədə prezidentin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
Nikiforov bildirib ki, prezident Zelenski, birinci xanım Yelena Zelenska və Ukrayna nümayəndə heyəti mərhum Papa Fransisklə vida mərasimində iştirak edəcəklər. Məlumata görə, dövlət başçısı dəfn mərasimində şəxsən iştirak edəcək.
Bununla belə, Ukrayna liderinin iştirakına dair əvvəlki günlərdə qeyri-müəyyənlik yaşanmışdı. Aprelin 25-də prezident Zelenski hərbi iclasların vacibliyini əsas gətirərək mərasimə gedə bilməyəcəyini bildirmiş, Ukraynanı həyat yoldaşı və xarici işlər naziri Andriy Sıbiqanın təmsil edəcəyini söyləmişdi. Həmin iclasların Kiyevin hava hücumundan müdafiə sistemlərinə həsr olunacağı açıqlanmışdı.
"Ukrainska pravda" qəzeti yazır ki, Ukrayna tərəfi bir müddət Roma Papasının dəfn günü İtaliyada yüksək səviyyəli görüş təşkil etməyi təklif edib. İtaliyanın baş naziri Corc Meloni isə bu cür addımın siyasi manipulyasiya kimi dəyərləndirilə biləcəyini və mərhumun xatirəsinə hörmət prinsiplərinə zidd olduğunu bildirib.
Ukrayna prezidentinin Romaya səfəri Papa Fransiskin xatirəsinə ehtiramla yanaşmaqla yanaşı, Vatikanda diplomatik təmsilçiliyin də vacibliyini bir daha vurğulayır. Hətta səfər zamanı ABŞ prezidenti Donald Trampla görüş də planlaşdırılıb.