Yük maşınında 100 kiloqramdan çox kokain aşkarlandı

Polşa polisi Valcz şəhərində yük maşınının qoşqusunda gizlədilmiş 109 kiloqram kokain aşkarlayıb.

"Bizimxeber" bildirir ki, qara bazarda dəyəri təxminən 10,6 milyon ABŞ dolları olan narkotik maddə avtomobilə quraşdırılmış xüsusi skan vasitəsi ilə müəyyən edilib.

Rəsmi sənədlərdə avtomobil hissələrinin daşındığı göstərilən yük maşınında narkotiklərin aşkar olunması hüquq-mühafizə orqanlarını hərəkətə keçirib. Nəticədə 22 və 42 yaşlı iki Gürcüstan vətəndaşı saxlanılıb. Onlara narkotik qaçaqmalçılığı ittihamı irəli sürülüb və hazırda müvəqqəti həbsdə saxlanılırlar. Onları 20 ilə qədər həbs cəzası gözləyir.

Hadisə Avropada narkotik qaçaqmalçılığına qarşı son aylar artan mübarizənin fonunda baş verir. Yaxın günlərdə Europolun dəstəyi ilə İspaniyanın Kanar adalarında keçirilən əməliyyatda 50-yə yaxın şübhəli saxlanılmış, eləcə də Kolumbiyadan Belçikaya narkotik daşıyan şəbəkə ifşa olunmuşdu.