Roma Papası XIV Leo, Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq məqsədilə Vatikanda danışıqların növbəti raunduna ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib.
"Bizimxeber" bildirir ki, bu barədə İtaliyanın baş naziri Giorgia Meloni açıqlama verib. “The Guardian” nəşrinin yazdığına görə, Meloni müqəddəs Papaya göstərdiyi sülh təşəbbüslərinə görə minnətdarlığını ifadə edib.
“Baş nazir Papa XIV Leodan tərəflər arasında Vatikanda növbəti danışıqların keçirilməsi niyyətini təsdiqləyən cavab aldıqdan sonra, sülhə sadiqliyinə görə ona dərin təşəkkürünü bildirib,” – deyə Meloni bəyan edib.
Papa XIV Leo daha əvvəl də bəyan etmişdi ki, Vatikan yalnız Rusiya-Ukrayna münaqişəsi deyil, digər beynəlxalq böhranlarda da neytral vasitəçi kimi çıxış etməyə hazırdır. O, Rusiyanın Ukraynaya qarşı müharibəsini birbaşa qeyd etmədən ümumilikdə qlobal münaqişələrə toxunmuşdu.
İtaliyanın baş naziri əlavə edib ki, o, bu mövzuda digər Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski ilə də müzakirələr aparıb. Görüşlərdə növbəti addımlar və diplomatik cəhdlərin koordinasiyası müzakirə olunub.
“Atəşkəs və Ukraynada sülhə nail olmaq üçün danışıqların yeni mərhələsinə hazırlıq çərçivəsində tərəfdaşlar arasında sıx koordinasiyanın davam etdirilməsi qərara alınıb,” – deyə Meloni bildirib.