ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski rəhbərliyində ABŞ və Ukrayna arasında yerin təkindən istifadəyə dair yeni memorandum imzalanıb. Ancaq sənədin məzmunu gözləntiləri doğrultmayıb.
Ukraynalı deputat Yaroslav Jeleznyak bildirib ki, sənəd cəmi bir səhifədən ibarətdir, deklarativ xarakter daşıyır və Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı heç bir bənd daxil edilməyib. Siyasətçi memorandumun tam surətini Telegram kanalında dərc edib və onu belə xarakterizə edib: "Budur yeraltı sərvətlərə dair bütün memorandum. Gələcək üçün təmiz niyyət bəyannaməsi".
Digər tərəfdən, Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenko bildirib ki, bu sənəd yalnız birgə işə başlamaq niyyətini və gələcəkdə saziş bağlamağı əks etdirir. Onun sözlərinə görə, sazişin real icrası yalnız hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya edildikdən sonra mümkün olacaq.
Xatırladaq ki, daha əvvəl ABŞ administrasiyası açıq şəkildə bəyan etmişdi ki, sülh razılaşmasına dair real addımlar atılmazsa, Kiyevə dəstək bir neçə gün ərzində dayandırıla bilər. Ağ Ev 3 ildir Ukraynanı fəal şəkildə dəstəkləsə də, indi diqqətini başqa məsələlərə yönəltməyə hazır olduğunu bildirib.
Beləliklə, siyasi şərhçilər hesab edir ki, ABŞ və Ukrayna arasında imzalanan bu sənəd siyasi jestdən o tərəfə keçmir. Təhlükəsizlik zəmanətləri olmadan yerin təkindən istifadə üçün memoranduma imza atılması Ukrayna daxilində də narahatlıq yaradıb.