Yəmən husiləri ABŞ-ın F-18 qırıcı təyyarəsini vurduqlarını iddia edir

Yəmənin şimalını faktiki olaraq nəzarətdə saxlayan şiə silahlı-siyasi hərəkatı Ənsar Allah (Husilər) son günlərdə həm ABŞ Hərbi Dəniz Qüvvələrinə, həm də İsrailə qarşı həyata keçirilmiş bir sıra hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Hərəkatın rəsmi Telegram kanalı vasitəsilə yayılan məlumata əsasən, Husilər ABŞ-ın Harri Truman təyyarədaşıyan gəmisinə qarşı aparılan əməliyyat zamanı F-18 tipli qırıcı təyyarənin vurulduğunu iddia ediblər.

“Harri Truman təyyarədaşıyan gəmisinə qarşı əməliyyatın nəticələrindən  biz F-18 təyyarəsini vura bildik və bununla da düşmənin ölkəmizə qarşı həyata keçirdiyi hava hücumunun qarşısını aldıq” deyə bəyanatlarında qeyd olunur.

"Ənsar Allah" həmçinin İsrail ərazisində həyata keçirilmiş pilotsuz hücumlara da aydınlıq gətirib. Onların məlumatına görə, Təl-Əviv istiqamətində üç pilotsuz uçan aparat vasitəsilə həyati və hərbi hədəflərə qarşı ikiqat əməliyyat keçirilib. Aşkelon şəhərindəki strateji əhəmiyyətli obyektlərdən birinə daha bir pilotsuz aparatla zərbə endirilib.