Yaponiyanın ən iri mütəşəkkil cinayət təşkilatı olan Yamaquçi-qumi (Yakuza), uzun illərdir davam edən daxili qarşıdurmalara son qoymaq niyyətindədir. Qrupun yüksək rütbəli üzvləri bu həftə Hyogo prefekturasında polislə birbaşa görüşərək yazılı vədlə "daxili çəkişmələri dayandıracaqlarını" və "heç bir problem yaratmayacaqlarını" bildiriblər.
Bu addım, 2015-ci ildə Yamaquçi-qumidən ayrılan üzvlərin yaratdığı digər yakuza qrupları ilə baş verən qanlı münaqişələrin ardınca atılıb. Səlahiyyətlilər bildirirlər ki, son illərdə xüsusilə 2020-ci ildən sonra artan zorakılıqlar səbəbilə hökumət yakuza fəaliyyətlərinə ciddi nəzarət tətbiq edib.
Ölkə rəhbərliyi bu yazılı vədin birtərəfli bəyanat ola biləcəyini ehtimal edir və vəziyyəti yaxından izləyirlər. Yerli medianın fikrincə, bu cür açıqlamalar məhdudiyyətlərin yumşaldılmasına yönəlmiş siyasi manevr də ola bilər. Qeyd edək ki, Yaponiyada yakuza qrupları qanuni olaraq qadağan edilməsə də, onların fəaliyyətləri getdikcə dar çərçivəyə salınır.
Bir vaxtlar Yaponiyanın xaotik müharibədən sonrakı dövründə nəhəng cinayət şəbəkələrinə çevrilən yakuzalar, artıq tənəzzül dövrünü yaşayır. Milli Polis Agentliyinin məlumatına görə, 2024-cü ildə yakuza üzvlərinin ümumi sayı ilk dəfə olaraq 20 minin altına düşərək 18,800 nəfərə enib.
Bunun əsas səbəbləri arasında sərt qanunvericilik, ictimai rəğbətin azalması və iqtisadi çətinliklər göstərilir. Lakin azalan üzvlük, onların cinayət əməllərindən çəkildiyi anlamına gəlmir. Rəsmilər bildirir ki, yakuzalar aşağı profilli şəkildə fəaliyyətlərini davam etdirirlər.
Ənənəvi yakuza strukturlarından fərqli olaraq, son illər “tokuryu” adlı qeyri-rəsmi və iyerarxiyasız cinayət qrupları meydana çıxıb. Bu ad-hoc dəstələr adətən sosial media üzərindən tez pul qazanmaq vədi ilə cəlb edilən şəxslərdən ibarətdir. Onların bir çoxunun kriminal keçmişi olmasa da, yakuza qrupları ilə sıx əlaqədə olduqları bildirilir. Bu da ölkədə cinayətlərin struktur və tərkib baxımından daha da mürəkkəbləşməsinə səbəb olur.
Yaponiyada tatular hələ də yakuza və digər "anti-sosial" qruplarla assosiasiya olunur. Buna görə, bədənində döymə olan şəxslərin hovuzlara, hamamlara (onsen) girişinə tez-tez qadağalar qoyulur. Bu stereotip turizm sahəsində də problemlər yaradır, lakin son illər bu məsələyə münasibət dəyişməkdədir.