Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviçin keçmiş müşaviri Andrey Portnov İspaniyanın paytaxtı Madrid yaxınlığında güllələnərək öldürülüb.
Bu barədə TASS məlumat yayıb. Bildirilib ki, Portnov döş qəfəsindən 4, başından isə 1 güllə yarası alıb.
Madrid Milli Polisi 52 yaşlı A. Portnovun ölüm faktını təsdiqləyib. Cinayətkar hadisə yerindən qaçıb, onun axtarışları davam etdirilir.
Qeyd edək ki, Andrey Portnov 2006-2010-cu illərdə Ali Radanın üzvü olub. 2010-cu ildə Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib. 2014-cü ilin fevralına - Kiyevdə hakimiyyət dəyişikliyi baş verənə qədər o, administrasiya rəhbərinin birinci müavini vəzifəsində qalıb. 2014-cü ildən Ukraynanı tərk etdikdən sonra özəl hüquq fəaliyyəti ilə məşğul olub.
2015-ci il yanvarında Ukrayna DİN Portnov barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə əmlakın mənimsənilməsi ilə bağlı cinayət işi üzrə axtarış elan edib. Lakin siyasətçinin yerini müəyyən etmək mümkün olmadığı üçün axtarış ləğv edilib.
Portnov Avstriyada yaşayıb və 2019-cu ildə Ukraynaya qayıdıb. ABŞ 2021-ci ilin sonunda ona qarşı sanksiyalar tətbiq edib.