Xan Yunusda hava hücumu: Bir ailədən yeddisi uşaq olmaqla 10 nəfər öldü

“Bizimxeber” xəbər verir ki, Qəzza zolağında İsrailin cümə günü səhər saatlarında həyata keçirdiyi hava hücumu nəticəsində eyni ailənin on üzvü, o cümlədən yeddi uşaq həyatını itirib. 

Qəzzanın Mülki Müdafiə Agentliyinin sözçüsü Mahmud Bassalın AFP-yə verdiyi məlumata görə, İsrail ordusunun Xan Yunus şəhərində yerləşən əl-Farra ailəsinin evini hədəf alması nəticəsində böyük bir faciə yaşanıb.

“İsrail ordusunun Xan Yunisdəki əl-Farra ailəsinin evinə endirdiyi hava zərbəsindən sonra yeddisi uşaq olmaqla, ailənin on üzvü şəhid olaraq xəstəxanaya gətirilib,” – deyə Bassal bildirib.

Hadisə yerində xilasetmə işləri davam edir. Hücumun bölgədəki humanitar vəziyyəti daha da ağırlaşdırdığı qeyd olunur. Yerli mənbələr və beynəlxalq müşahidəçilər Qəzzada mülki əhalinin təhlükəsizliyinin təmin olunması üçün təcili tədbirlərin görülməsinə çağırırlar.