Wizz Air təyyarələrini Zvartnotsda yerləşdirir və AB ölkələrinə 8 marşrut açır

Mərkəzi və Şərqi Avropanın ən böyük aşağı büdcəli aviaşirkəti olan Wizz Air öz təyyarələrini Yerevanın Zvartnots hava limanında yerləşdirəcək.

"Bizimxeber" bildirir ki, bu barədə Wizz Air-in idarəedici direktoru Roland Tişner mətbuat konfransında bildirib. O deyib ki, şirkətin Ermənistandakı bazası oktyabrın 1-dən fəaliyyətə başlayacaq.

Ermənistanla Avropanı birləşdirən 6 ölkədə: İtaliya (Neapol və Bari), Almaniya (Memmingen, Hamburq), Kipr (Pafos), Fransa (Nitsa), Çexiya (Praqa), Macarıstan (Budapeşt) ərazilərində birdən-birə 8 yeni marşrut açılacaq.  

Ümumilikdə aşağı büdcəli aviaşirkət 17 istiqamətə uçuşlar həyata keçirəcək. Eyni zamanda, aviaşirkət Zvartnotsda iki yeni Airbus A321 (239 yer) bazası quracaq. Hazırda Ermənistan aviasiya bazarının 21%-ni aşağı büdcəli “Wizz Air” aviaşirkəti əhatə edir.

Bundan əvvəl hökumət Ermənistanda yerləşən xarici aviaşirkətlərin yeni marşrutlar açacağı təqdirdə subsidiya alacağına qərar vermişdi, lakin bir şərtlə: onlara müraciət edən şirkət Gümrüyə ən azı bir müntəzəm reys həyata keçirməlidir. 

Yeni marşrutlar üzrə Ermənistana gələn iki yaşından yuxarı hər bir sərnişin üçün ödənişlər nəzərdə tutulur.