Serbiyanın “Novosti” nəşrinin məlumatına görə, Litva və Latviya Serbiya prezidenti Aleksandr Vuçiçin təyyarəsinin hava məkanlarından keçməsinə icazə verməyərək, onun mayın 9-da Rusiyaya planlaşdırdığı səfəri çətinləşdirməyə çalışıblar.
Litva bu qərarı “texniki və diplomatik şərait”lə əsaslandırıb. Latviya isə qadağanı “uçuşun məqsədinin siyasi həssaslığı” ilə izah edib. Bu addımlar, Qələbənin 80-ci ildönümü münasibətilə Moskvada keçiriləcək tədbirlərə Vuçiçin qatılmaq niyyətinə qarşı yönəlmiş addım kimi qiymətləndirilir.
Serbiyanın maliyyə naziri Sinişa Mali bu hadisəyə münasibət bildirərək, prezident Vuçiçin verdiyi sözə sadiq qalaraq mayın 9-da Moskvada olacağını bəyan edib. O, həmçinin mediada yayılan və Vuçiçin səfərdən yayınmaq üçün xəstəlik bəhanəsinə əl atdığı barədə xəbərləri “uydurma” adlandırıb.
Aleksandr Vuçiç isə bildirib ki, səfərin əsas məqsədi Rusiya ilə yeni qaz sazişinin detallarını yekunlaşdırmaqdır. Onun sözlərinə görə, bu danışıqlar “çətin, lakin zəruri” prosesdir.
Prezident Vuçiç Avropa siyasətçilərini də sərt tənqid edib. O, bəzi Avropa ölkələrinin Rusiyaya səfərə görə təzyiqlər göstərdiyini, hətta Qələbə Paradında iştirak edənlərə qarşı sanksiya hədələri ilə çıxış etdiyini bildirib. Vuçiç vurğulayıb ki, bu cür təhdidlər onun qərarına təsir etməyəcək və Serbiya öz milli maraqlarına uyğun şəkildə hərəkət edəcək.