Vuçiç hakimiyyətlə vidalaşır? - ABŞ səfəri yarımçıq qaldı, Rusiya səfəri sual altına düşdü

Bu gün Serbiya prezidenti Aleksandr Vuçiçin səhhəti ilə bağlı yayılan xəbərlər ölkədə və beynəlxalq aləmdə rezonans doğurub. Prezidentin ofisindən verilən məlumata əsasən, Vuçiç ABŞ səfərini yarımçıq qoyaraq geri qayıtdıqdan dərhal sonra Belqraddakı hərbi xəstəxanaya yerləşdirilib. Hələlik rəsmi açıqlamada onun hospitala yerləşdirilmə səbəbi dəqiqləşdirilməyib, lakin yaxın zamanda ətraflı məlumat veriləcəyi bildirilib.

Vuçiçin səhhətindəki problem onun ABŞ-a etdiyi səfəri yarımçıq qoymasına səbəb olub. Prezidentin ABŞ-da Donald Tramp və digər respublikaçı siyasətçilərlə görüşməsi planlaşdırılırdı. Lakin qəfil səhhət pisləşməsi bu görüşlərin baş tutmamasına gətirib çıxardı.

Müxalif siyasətçilər isə bu durumu Vuçiçin diplomatik uğursuzluğu kimi dəyərləndirirlər. 2022-ci il prezident seçkilərində Vuçiçə qarşı çıxmış və hazırda mərkəzçi Srce partiyasının lideri olan Zdravko Ponos bildirib ki, "Vuçiç, məğlubiyyətini qəfil səhhət problemi ilə ört-basdır etməyə çalışır".

Aleksandr Vuçiçin mayın 9-da Moskvada keçiriləcək İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcəyi elan edilmişdi. Prezident özü bəyan etmişdi ki, Rusiya lideri Vladimir Putinə verdiyi sözə sadiq qalacaq və Qırmızı Meydandakı hərbi paradda iştirak edəcək. Lakin xəstəxanaya yerləşdirilməsi bu səfərin reallaşmasına ciddi şübhələr yaradıb.

Vuçiçin Moskva səfəri həm də siyasi baxımdan ziddiyyətli qiymətləndirilir. Serbiya Avropa Birliyinə üzv olmaq istədiyi bir vaxtda Rusiya ilə yüksək səviyyəli görüşlər Brüsseldə narahatlıqla qarşılanır. Ukrayna prezidenti Vladimir Zelenski isə açıq şəkildə bildirib ki, Rusiyadakı xarici liderlərin təhlükəsizliyi Ukraynanın məsuliyyətində deyil. Kreml isə bu açıqlamaları "birbaşa təhlükə" kimi qiymətləndirərək sərt reaksiya verib.

Vuçiç daha əvvəl də 6 il öncə ürək problemi səbəbilə hospitala yerləşdirilmişdi. Bu fakt bir daha onun səhhətindəki narahatlıqların ciddi olduğunu gündəmə gətirir. Hazırkı vəziyyət, Serbiyada daxili gərginlik fonunda baş verir. Xüsusilə Novi Sadda baş verən və 16 nəfərin ölümü ilə nəticələnən qatar stansiyası faciəsindən sonra ölkədə narazılıq artıb. Müxalifət bu hadisədə korrupsiyanı və nəzarətsizliyi əsas səbəb kimi göstərir.