ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun oğlu Zak Vitkoff Prezident Donald Tramp ailəsi ilə birlikdə kriptovalyuta sahəsində diqqətçəkən layihənin iştirakçısıdır.
"Bizimxeber" “The Wall Street Journal”a istinadən bildirir ki, Zak Vitkoff Tramp ailəsinin də pay sahibi olduğu World Liberty Financial adlı kriptovalyuta şirkətinin həmtəsisçisidir.
Məlumata əsasən, Donald Trampın yenidən prezidentliyə namizədliyini açıqlamasından bir ay əvvəl Stiv Vitkoff Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edərək həm regional məsələlər üzrə yerli liderlərlə görüşlər keçirib, həm də Dubayda təşkil olunmuş kriptovalyutaya dair konfransda iştirak edib.
Konfrans zamanı Zak Vitkoff World Liberty Financial adından çıxış edərək, BƏƏ-li bir şeyxin şirkəti ilə 2 milyard dollar dəyərində kriptovalyuta alışına dair müqavilə bağlandığını açıqlayıb. Sazişin gələcəkdə on milyonlarla dollarlıq illik gəlir gətirəcəyi gözlənilir və bu gəlir Tramp ailəsi, Vitkoff ailəsi və şirkətin digər həmtəsisçiləri arasında bölüşdürüləcək.
Mart ayında Tramp ailəsinə məxsus World Liberty Financial şirkəti 1 ABŞ dolları nominal dəyərində yeni stabilkoin buraxdığını elan edib. Stabilkoin qısa müddətli ABŞ Xəzinədarlığı istiqrazları, dollar depozitləri və ABŞ dollarına 1:1 nisbətində sabitlənmiş digər likvid aktivlərlə təmin olunacaq.