Vatikanda iki üz-üzə stul - Zelenski Trampla görüşdü

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, amerikalı həmkarı Donald Trampla Romadakı Müqəddəs Pyotr kilsəsində baş tutan görüş "tarixi olmaq potensialına" malikdir.

 Zelenski bu barədə sosial şəbəkə X-də paylaşım edib.

Prezident qeyd edib ki, görüş zamanı tərəflər üzbəüz çoxsaylı mühüm məsələləri müzakirə ediblər: "Biz deyilənlərin hamısından nəticə gözləyirik: xalqımızın həyatının qorunması, tam və qeyd-şərtsiz atəşkəsin əldə olunması, eləcə də müharibənin təkrarlanmasının qarşısını alacaq etibarlı və davamlı sülhün bərqərar olması," – deyə Ukrayna prezidenti vurğulayıb.

Zelenski əlavə edib ki, əgər birgə nəticələr əldə olunsa, bu görüş "tarixi olmaq potensialına malik çox simvolik bir görüş" olacaq. O, ABŞ prezidentinə bu vacib söhbətə görə təşəkkür edib.

Ağ Ev də öz növbəsində görüşü "çox məhsuldar" adlandırıb.

Qeyd edək ki, bundan əvvəl media nümayəndələri Trampla bağlı mənbələrə istinadən, ABŞ administrasiyasının Parisdə Ukraynaya sülh yolu ilə nizamlanma üçün "yekun təklif" kimi təqdim etdiyi bir səhifəlik sənəddən xəbər vermişdilər. Bildirilir ki, sənəddə ABŞ-ın Rusiyanın Krım üzərində nəzarətini tanımağa və Moskvaya qarşı tətbiq edilən sanksiyaları yumşaltmağa hazır olduğu qeyd olunub.

Xatırladaq ki, aprelin 24-də Vladimir Zelenski açıqlamışdı: Birləşmiş Ştatlar Londonda keçirilən danışıqlar zamanı Ukraynanın ərazi bütövlüyü ilə bağlı müəyyən strategiya təqdim edib. Lakin onun sözlərinə görə, həmin strategiyadan sonra "daha bir kağız parçası" ortaya çıxıb.