Vatikan Katolik dünyası üçün həyəcanlı anlara səhnə oldu. Yeni Papa seçmək üçün keçirilən ilk səsvermə uğursuz nəticələndi. Sistine Kapellasının bacasından qalxan qara tüstü kardinal elektorların ortaq məxrəcə gələ bilmədiyini rəsmən elan etdi.
"Bizimxeber" bildirir ki, Vatikan rəsmilərinin verdiyi açıqlamaya görə, ümumilikdə 133 kardinal ilk turda konsensusa çata bilməyib. Katolik Kilsəsinin yeni lideri hələlik müəyyən edilməyib. Növbəti səsvermə keçiriləcək.
Bu cür proseslərdə qara tüstü – fumata nera – nəticəsiz səsvermənin simvoludur. Ağ tüstü – fumata bianca – isə yeni Papanın seçildiyini göstərir.
Vatikan dairələrinə yaxın mənbələr bildirir ki, ikinci səsvermə turu keçiriləcək və yeni Papanın seçilməsi ehtimalı artır. Dünyanın müxtəlif ölkələrində milyonlarla katolik bu anı səbirsizliklə gözləyir.