Polşanın baş naziri Donald Tusk ilk dəfə olaraq birbaşa bəyan edib ki, 2024-cü ilin may ayında Varşavanın Maryvilska küçəsində yerləşən ticarət mərkəzində baş vermiş irimiqyaslı yanğının arxasında Rusiya xüsusi xidmət orqanları dayanır.
Tusk bu açıqlamanı baş prokuror Adam Bodnar və daxili işlər və administrasiya naziri Tomaş Siemonyak ilə birgə yaydığı bəyanatda verib. O bildirib ki, toplanan sübutlar yanğının Rusiya tərəfindən qəsdən təşkil edilmiş yandırma əməliyyatı olduğunu təsdiqləyir:“Toplanan sübutlara əsasən, yanğının Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə yandırma nəticəsində baş verdiyini bilirik”, – deyə Tusk bildirib.
Baş nazirin sözlərinə görə, sifarişin necə verildiyi, icra olunması və cinayətkarların hərəkətlərinin necə sənədləşdirildiyi barədə detallı məlumatlar istintaqın ixtiyarındadır. Yanğının təşkilatçısı və idarəedicisinin Rusiya Federasiyası ərazisində yerləşən konkret bir şəxs olduğu da müəyyən edilib.
Cinayətdə əli olan şəxslərdən bəziləri artıq saxlanılıb, digərləri isə hələ azadlıqdadır. Hazırda Polşanın prokurorluğu, polisi və Daxili Təhlükəsizlik Agentliyi bu şəxslərin tutulması istiqamətində istintaq-əməliyyat tədbirlərini davam etdirir. Eyni zamanda bu istiqamətdə Litva ilə sıx əməkdaşlıq aparılır.
Xatırladaq ki, 2024-cü ilin mayında Varşavadakı ticarət mərkəzində baş verən yanğın ölkə üzrə müxtəlif ərazilərdə baş verən bir sıra yanğınların ən böyüyü olub. Hadisənin ilk günlərində Tusk təxribat ehtimalını istisna etsə də, ayın sonuna yaxın bu versiyanın mümkünlüyünü istisna etməmişdi.