ÜST yeni pandemiya barədə xəbərdarlığı edir - "Sabah da ola bilə..."

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus dünya ölkələrini yeni bir pandemiyanın yarana biləcəyi təhlükəsinə qarşı hazır olmağa çağırıb.

ÜST-nin rəsmi saytında yerləşdirilən bəyanatında Qebreyesus qeyd edib ki, koronavirus pandemiyasının təcrübəsi unudulmamalı və yeni bir qlobal sağlamlıq böhranı gözlənilməz bir vaxtda, hətta "artıq sabah" baş verə bilər.

"Növbəti pandemiya hər şeyin sakitləşməsini gözləməyəcək. Bu, 20 il və ya daha çox müddətdə baş verə bilər, ya da sabah ola bilər," – deyə ÜST rəhbəri bildirib.

O, qlobal sağlamlıq təhlükəsizliyinin təmin edilməsi üçün ayrı-ayrı ölkələrin səylərinin yetərli olmadığını vurğulayaraq, beynəlxalq səviyyədə koordinasiyalı fəaliyyətin və təhdidlərə qarşı ümumi yanaşmanın vacibliyini qeyd edib. Qebreyesus, həmçinin dünya ictimaiyyətini pandemiyanın qarşısının alınması və ona hazırlıqla bağlı ÜST sazişi üzərində işi yekunlaşdırmağa çağırıb.

Bu xəbərdarlıq, bəzi regionlarda tənəffüs yolu xəstəliklərinin azalması fonunda səslənib. Belə ki, daha əvvəl Rusiyada kəskin respirator virus infeksiyaları, qrip və COVID-19-a yoluxma hallarında azalma qeydə alındığı bildirilmişdi.