Almaniya məhkəməsi Rusiyalı iş adamı Əlişir Usmanovun adının “Dilbar” adlı məşhur super yaxtanın sahibi kimi çəkilməsini rəsmi şəkildə qadağan edib. Qərar Hamburq Regional Məhkəməsi tərəfindən qəbul edilib və Lüksemburqun ən böyük media qurumlarından biri olan “Luxembourg SA”ya qarşı yönəlib. Məhkəmə qərarına əsasən, artıq bu media qurumu ya da ona bağlı nəşrlər Usmanovu yaxtanın sahibi kimi təqdim edə bilməz.
Qeyd edək ki, daha əvvəl “Luxembourg Times” nəşri “Dilbar” yaxtasının müəyyən şirkətlər və etimad fondları vasitəsilə Usmanova məxsus olduğunu iddia etmişdi. Məhkəmə bu iddianın əsassız olduğunu bildirib və onun yayılmasına qadağa qoyub.
Əgər bu qərara əməl olunmasa, media qurumuna 250 min avroya qədər cərimə və ya altı aya qədər inzibati həbs cəzası tətbiq edilə bilər. İddia olunan məlumatlar artıq “Luxembourg Times”ın saytından silinib.
Usmanovun vəkili Yoahim Ştaynhöfel bəyan edib ki, bəzi media orqanları hələ də Usmanovun ailə üzvləri və yaxın dairələri vasitəsilə aktivlərə sahib olduğunu iddia edən xəbərlər yaymağa davam edir. Ştaynhöfel bu məlumatların reallıqla heç bir əlaqəsi olmadığını bildirib.
Xatırladaq ki, Usmanov Avropa İttifaqının sanksiyalar siyahısından çıxarılıb. Bu qərarın Macarıstanın təzyiqi ilə, ölkənin sanksiyaların uzadılmasına veto qoyacağı hədəsindən sonra verildiyi qeyd olunur.