Bu gün, 3 may 2025-ci il, Ümumdünya Mətbuat Azadlığı Günüdür. Bu münasibətilə Avropa Şurası azad, müstəqil və təhlükəsiz mətbuatın demokratik cəmiyyətlərdəki vəzsiz rolunu bir daha vurğulayıb.
AŞ bəyan edib ki, 46 üzv dövləti və onların hüdudlarından kənardakı jurnalistlər informasiya almaq və yaymaq hüququna qarşı artan təhdidlərə məruz qalmağa davam edirlər. Bu mühüm gündə Avropa Şurası onların yanında olduğunu bir daha bəyan edir.
Qurum bu yaxınlarda Lüksemburq sədrliyinin himayəsi altında Nazirlər Komitəsində “Cəzasızlığa qarşı paradiqmanın qurulması” mövzusunda illik tematik konfrans təşkil edib. Konfransın məqsədi jurnalistlərə qarşı törədilən cinayətlərin effektiv araşdırılması, təqib olunması və cəzalandırılması yollarını müzakirə etmək olub. Tədbirə müxtəlif sahələrdən – jurnalistika, prokurorluq, məhkəmə, media tənzimləməsi, vətəndaş cəmiyyəti və dövlət qurumlarından olan nümayəndələr qatılıb. Konfransın nəticələri dövlətlərin, xüsusilə də hüquq-mühafizə və məhkəmə orqanlarının azad və təhlükəsiz media mühitinin formalaşdırılmasındakı əsas rolunu bir daha xatırlatmış oldu.
Avropa Şurası tərəfindən 2023-cü ildə başladılan və 2027-ci ilə qədər davam edəcək “Jurnalistlərin Məsələsi üzrə Kampaniya” da bu istiqamətdə aparıcı təşəbbüslərdən biri hesab olunur. Kampaniya 2016-cı il tarixli “Jurnalistikanın qorunması və jurnalistlərin təhlükəsizliyi” tövsiyəsinin prinsiplərinə əsaslanaraq dörd əsas istiqamətdə fəaliyyət göstərir: qarşısının alınması, müdafiə, təqib və əlverişli mühitin təşviqi.
Avropa Şurası bu təşəbbüs çərçivəsində üzv dövlətlərlə, media qurumları və digər maraqlı tərəflərlə əməkdaşlıq edərək milli səviyyədə koordinasiya strukturlarının və fəaliyyət planlarının formalaşdırılmasına dəstək verir. Məqsəd beynəlxalq standartların praktik tədbirlərə çevrilməsini təmin etməkdir.
Lakin bu gün təkcə hüquqi çərçivələr və siyasətlərdən deyil, həqiqəti söylədiyinə görə həyatını riskə atan, ictimaiyyəti məlumatlandıran, haqsızlıqları ifşa edən jurnalistlərdən bəhs olunur. Onların işi demokratik cəmiyyətin özəyidir, onların üzləşdiyi təhlükələr isə realdır. Onları qorumaq isə cəmiyyətin və dövlətin borcudur.
Bu əlamətdar gündə Avropa Şurası açıq və qəti mesaj verir: Heç bir jurnalist öz peşəsini yerinə yetirdiyinə görə təhdid, təqib və ya zorakılıqla qarşılaşmamalıdır.
Avropa Şurasının Media və İnformasiya Cəmiyyəti Komitəsi bu prinsipi həyata keçirmək üçün qanunvericilik, siyasət, dialoq və kollektiv fəaliyyət vasitəsilə üzv dövlətlərlə sıx əməkdaşlığını davam etdirəcək.
Qorxunun hökm sürdüyü yerdə mətbuat azadlığı mövcud ola bilməz. Media azadlığı yalnız jurnalistlər üçün deyil – bütün cəmiyyət üçün azadlığın təməlidir. Jurnalistlərin təhlükəsizliyi isə imtiyaz deyil, demokratik zərurətdir. Gəlin onu birlikdə müdafiə edək – bu gün və hər gün.