Ukraynalı "casus" Orbanın partiyası ilə əlaqəlidir

Macarıstanın müxalif “Tisa” partiyasının lideri Peter Magyar casusluqda ittiham edilən İştvan Qollonun baş nazir Viktor Orbanın rəhbərlik etdiyi “Fidesz” partiyası ilə sıx əlaqələrə malik olduğunu bəyan edib.

"Bizimxeber" bildirir ki, bu barədə məlumatı “Telex” yayıb.

Peter Magyarın sözlərinə görə, Qollo daha əvvəl dövlət sifarişlərini yerinə yetirən “Steriflow Kft.” şirkətində maraqlara sahib olub. Söhbət COVID-19 pandemiyası dövründə sürətli testlərin tədarükünü həyata keçirən şirkətdən gedir. Magyar bildirib ki, şirkətin rəhbərliyində hakim Fidesz partiyasının keçmiş deputatı András Küpper və 2010-2012-ci illərdə Macarıstanın hazırkı daxili işlər naziri Şandor Pinterə məxsus olan “Civil Biztonsági Zrt.” şirkətinə rəhbərlik etmiş Lászlo Marton da yer alıblar.

Jurnalist araşdırmaları Magyarın bu iddialarını təsdiqləyərək Küpper, Marton və Qollonun doğrudan da artıq ləğv edilmiş “Steriflow Kft.”nin sahibləri olduğunu müəyyən edib. Peter Magyar öz Facebook səhifəsində də məsələ ilə bağlı paylaşım edərək İştvan Qollonun Fidesz partiyasının rəhbərliyi və “NER” (Milli Əməkdaşlıq Sistemi) ətrafındakı iqtisadi elita ilə “son dərəcə yaxın əlaqələri” olduğunu qeyd edib.

“Bu, guya ‘Ukrayna casusu’ ilə bağlı hekayədən daha çox, Fidesz daxilindəki mafiya tipli strukturun hakimiyyət uğrunda apardığı daxili mübarizənin nəticəsidir”, – deyə Magyar bildirib.

Milli Təhlükəsizlik Komitəsinin adının açıqlanmasını istəməyən üzvü yerli mediaya bildirib ki, Qollo Macarıstanda azı 20 il ərzində fəaliyyət göstərib və bu müddət ərzində siyasət, müdafiə və enerji sahələrində geniş əlaqələr şəbəkəsi formalaşdırıb.

Xatırladaq ki, mayın 20-də Macarıstan xüsusi xidmət orqanları iki ukraynalı – Roland Çeber və İştvan Qollonun casusluqda şübhəli bilinərək saxlanıldığını elan edib. Mayın 21-də Budapeşt məhkəməsi Qollonun iyunun 21-dək həbsdə saxlanılması barədə qərar verib. Rəsmi məlumatda bildirilir ki, Qollo Ukrayna hərbi kəşfiyyatının tapşırıqları əsasında fəaliyyət göstərməkdə şübhəli bilinir.