Ukraynadan oğurlanmış tarixi kilsə zəngi - Litva sərhədçiləri saxladı

Litva gömrükçüləri Moldova vətəndaşının “Şalçininkay” keçid məntəqəsində avtomobili ilə ölkəyə daxil olarkən qanunsuz şəkildə keçirməyə çalışdığı kilsə zəngini saxlayıblar.

Bu barədə Litva Gömrük Xidmətinin mətbuat xidməti məlumat yayıb.

İddialara görə, zəng Ukraynadan naməlum şəraitdə çıxarılıb və 17-ci əsrin pravoslav mitropoliti Pyotr Mogilanın şərəfinə həsr olunmuş ola bilər. Hazırda həmin zəngin mədəni irs obyekti olub-olmaması araşdırılır.

Moldova vətəndaşı idarə etdiyi “Mercedes Sprinter” avtomobili ilə Litvaya daxil olmaq istəyərkən, gömrükçülərin diqqətini çəkib. Sürücü gömrük bəyanatında heç bir xüsusi və ya qadağan olunmuş əşya göstərməyib, lakin yoxlama zamanı çantalardan birinin altında gizlədilmiş, çəkisi 260 kq olan zəng aşkarlanıb.

Litva gömrükçüləri Rusiyadan Moldovaya aparmaq istədikləri Peter Mogilanın kilsə zəngini müsadirə ediblər.

Sürücü zəngin mənşəyini və ona aidiyyəti təsdiq edən sənədləri təqdim edə bilməyib, sadəcə bildirib ki, onun Rusiyanın Podolsk şəhərindən gətirildiyini və Belarus və Litva vasitəsilə Moldovaya çatdırılmasının planlaşdırıldığını düşünürmüş. Hətta sürücü deyib ki, zəng patriarx Kirill və Nikolayın sifarişi ilə daşınırmış.

Zəngin üzərindəki yazılar və simvollar onu Pyotr Mogila ilə əlaqələndirməyə əsas verir. Kiyev mitropoliti Mogila, 17-ci əsrdə pravoslav dünyasında böyük dini və siyasi nüfuza malik şəxs olub. Əgər bu zəng doğrudan da ona aid tarixi bir əşyadırsa, onun Ukraynadan çıxarılması beynəlxalq mədəni irs normalarına zidd ola bilər.

Bu səbəbdən Litva gömrükçüləri zəngi saxlayaraq protokol tərtib edib, məsələ ilə bağlı Mədəni İrs Departamentinin ekspertiza aparmasını təmin ediblər.