Ukrayna yaxın illərdə avroya keçməyi planlaşdırmır

Ukrayna Avropa İttifaqına üzvlük hədəfi ilə irəliləsə də, milli valyuta siyasətində hələlik ciddi dəyişiklik planlaşdırılmır. Ukrayna Milli Bankının rəhbərinin müavini Sergey Nikolayçukun sözlərinə görə, hazırda yalnız dolların yerinə avronun əsas valyuta kimi tətbiqi məsələsi araşdırılır. Amma bu keçidin yaxın gələcəkdə baş verəcəyi gözlənilmir.

“Hazırda dollar bizim üçün əsas məzənnə formalaşdıran valyutadır. Milli Bankın istifadə etdiyi göstəricilərin əksəriyyəti məhz dollarla hesablanır,” – deyə Nikolayçuk “Forbes”ə verdiyi müsahibədə bildirib.

O eyni zamanda vurğulayıb ki, Ukraynanın gələcək planları Avropa İttifaqına üzvlüyü nəzərdə tutur. Bu baş verdikdən sonra ölkə valyuta siyasətini də uyğun şəkildə avroya yönəldə bilər.

“Aİ üzvü olduqdan sonra uzunmüddətli perspektivdə avroya keçmək bizim öhdəliyimizə çevriləcək. Lakin bu keçid tələskənliklə yox, təhlil və qiymətləndirmə əsasında baş verəcək,” – deyə o qeyd edib.

Nikolayçukun sözlərinə görə, Ukraynanın milli valyutası olan qrivnadan tamamilə imtina etməsi yalnız 10-15 ildən sonra real qiymətləndirilə bilər. Hazırda isə bu məsələ ilə bağlı konkret qərar yoxdur.

“Avropa İttifaqının bir çox ölkəsi hələ də öz valyutasını saxlamağı daha məqsədəuyğun hesab edir. Onlar Aİ-yə üzv olsa da, avroya keçməkdə tələsmirlər,” – deyə o əlavə edib.