Kiyev məhkəməsi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçi fərariliyə və insanları dövlət sərhədini qanunsuz keçməyə təhrik etməkdə təqsirli bilərək 15 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə Ukrayna Baş Prokurorluğu rəsmi məlumat yayıb.
İstintaq materiallarına görə, Yanukoviç 2014-cü il fevralın 23-də qanunsuz şəkildə Ukraynanı tərk edib və çevrəsindəki ən azı bir neçə onlarla şəxsin də ölkədən çıxmasına şərait yaradıb. Hadisə zamanı onların hamısının üç hərbi helikopterlə nəzarət-buraxılış məntəqələrindən kənarda uçduğu bildirilir.
Prokurorluğun açıqlamasına əsasən, Yanukoviç və tərəfdarları əvvəlcə Rusiyanın Krasnodar vilayətinə, daha sonra isə Anapa şəhərinə yollanıblar. İstintaqın məlumatına görə, o, sonradan Krımdakı Qvardeyskoye hərbi aerodromuna keçib və oradan gəmi ilə Rusiyaya köçüb.
Xatırladaq ki, bu, Viktor Yanukoviçə qarşı çıxarılan ikinci böyük hökmdür. 2019-cu ilin yanvarında Kiyev məhkəməsi onu vətənə xəyanət və təcavüzkar müharibənin aparılmasına kömək etmək ittihamı ilə 13 il müddətinə azadlıqdan məhrum etmişdi.
Məlumata görə, Viktor Yanukoviçin oğlu Aleksandr Yanukoviç isə artıq Rusiya vətəndaşlığını alıb. Son on ildə Rusiyada bizneslə məşğul olan kiçik Yanukoviç Sankt-Peterburqda qeydiyyatdan keçirdiyi şirkət vasitəsilə əsasən maliyyə və sənaye qruplarının idarə olunması sahəsində fəaliyyət göstərir.