/BX LiveBLOG/
Rusiya prezidenti Vladimir Putin Arktikada artan geosiyasi gərginlik fonunda qərb ölkələrinə xəbərdarlıq edib.
O, ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək istəyinə toxunaraq, bu addım Rusiyanın bölgədə hərbi varlığını daha da gücləndirəcəyini bildirib.
"Bizimxeber" yazır ki, Putin bu barədə Murmansk limanında çıxışı zamanı danışıb. O, NATO-nun Arktikada fəaliyyətini genişləndirməsindən narahat olduğunu və bu regionun mümkün münaqişə zonası kimi nəzərdən keçirilməsinin Rusiyanı təhdid etdiyini vurğulayıb.
“Biz, şübhəsiz ki, NATO üzvlərinin Uzaq Şimalı mümkün münaqişələr bölgəsi kimi təsvir etmələrindən narahatıq. Rusiya heç vaxt Arktikada heç kimi təhdid etməyib, lakin biz hadisələri yaxından izləyəcək və hərbi potensialımızı artırmaqla müvafiq cavab tədbirləri görəcəyik”, – deyə Putin bildirib.
Putin qeyd edib ki, Trampın Qrenlandiya ilə bağlı planları hələlik Moskvaya birbaşa aidiyyəti olmasa da, NATO ölkələrinin bu ərazini “mümkün münaqişələr üçün tramplin” kimi nəzərdən keçirməsi Rusiyanı narahat edir.
Donald Tramp isə çərşənbə günü Vince Coglianese-ə verdiyi müsahibədə Qrenlandiyanın ABŞ üçün beynəlxalq təhlükəsizlik baxımından əhəmiyyətli olduğunu bəyan edib: "Amerika Qrenlandiyaya ehtiyacımız olduğunu onlara bildirməlidir. Bizə lazımdır. Bizdə olmalıdır."
Bundan əlavə, Trampın vitse-prezidenti JD Vance və həyat yoldaşı Uşa bu həftə Qrenlandiyaya səfər edəcəklər. Vance bildirib ki, bu səfər “təxribat deyil, mehribanlıq” nümayişidir.
Lakin Qrenlandiyanın Baş naziri Mute Egede bu səfəri fərqli qiymətləndirərək, “yeganə məqsəd güc nümayiş etdirməkdir”, – deyə yerli Sermitsiaq qəzetinə müsahibəsində bildirib.
Kreml fevral ayında Arktikada təbii sərvətlərin inkişafı üçün Rusiya və ABŞ arasında mümkün tərəfdaşlıq ideyası irəli sürsə də, son hadisələr fonunda Moskva bölgədə hərbi mövcudluğunu gücləndirmək niyyətindədir. Rusiya bölgədəki bazalarını tədricən açır və Arktika suları vasitəsilə ticarət yollarını genişləndirmək üçün addımlar atır.
Putin: “Arktikanın həm Rusiya, həm də bütün dünya üçün rolu artır. Təəssüf ki, bu regionda mövqelər uğrunda geosiyasi mübarizə də güclənir” – deyə vurğulayıb.
Bu açıqlamalar Arktikada böyük güclər arasında rəqabətin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Hazırda Moskva və Vaşinqtonun Qrenlandiya və Arktika üzərindəki planları dünya siyasətində mühüm gərginlik nöqtəsinə çevrilib.