ABŞ Prezidenti Donald Tramp, Rusiya və Ukrayna arasında davam edən münaqişənin həlli ilə bağlı razılaşmanın demək olar ki, tamamlandığını bəyan edib. Onun sözlərinə görə, yalnız bir məsələ qalır, bu sənədin yekunlaşdırılması üçün çox yüksək səviyyəli görüş keçirilməlidir.
Tramp bu fikirləri şəxsi “Truth Social” hesabında yazaraq diqqətləri bir daha münaqişənin diplomatik həllinə yönəldib.
“Onlar razılığa çox yaxındırlar və indi bunu başa çatdırmaq üçün iki tərəf çox yüksək səviyyədə görüşməlidir,” – deyə o qeyd edib.
Bununla yanaşı, Tramp Ukrayna ilə ABŞ arasında imzalanması planlaşdırılan mineral ehtiyatlara dair sazişin hələ də rəsmi Kiyev tərəfindən təsdiqlənmədiyini bildirib. Bu sənədin imzalanması fevralın 28-nə planlaşdırılsa da, Zelenski ilə Tramp arasında yaranan fikir ayrılığı prosesi ləngidib.
Mart ayında ABŞ tərəfi Ukraynaya sazişin daha sərt şərtlərlə yeni variantını təqdim edib. Bu isə Kiyev tərəfindən ehtiyatla qarşılanıb. Aprelin 17-də tərəflər bu sənədin hazırlanması üzrə memorandum imzalayıblar və razılaşmanın aprelin 26-da yekunlaşdırılması planlaşdırılıb.
Hazırda diqqətlər planlaşdırılan yüksək səviyyəli görüşə yönəlib. Razılaşmanın konkret detalları açıqlanmasa da, sənədin həm Rusiya ilə atəşkəsə, həm də ABŞ-Ukrayna iqtisadi tərəfdaşlığına dair kritik maddələri əhatə etdiyi güman edilir.