Ukrayna F-16 qırıcısı ilə bağlantını İtirdi – Pilot sağ qurtuldu

Ukrayna Hərbi Hava Qüvvələri mayın 16-da F-16 qırıcısı ilə əlaqənin kəsildiyini bildirib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb. 

Məlumata görə, hadisə yerli vaxtla saat 03:30 radələrində baş verib. Təyyarə müəyyən “tapşırıqları” yerinə yetirərkən göyərtədə anormal vəziyyət yaranıb. Pilot dərhal təhlükəsizlik tədbiri görərək təyyarəni yaşayış ərazilərindən kənar istiqamətə yönəldib və katapult vasitəsilə havaya atılıb. Müdafiə qüvvələrinin məlumatına əsasən, pilot sağ olaraq tapılıb və təxliyə edilib. 

Hadisənin səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb və artıq işə başlayıb. Bəzi kənar mənbələrin iddialarına görə, bu hadisə Ukraynanın F-16 təyyarələri ilə bağlı üzləşdiyi texniki və taktiki problemlərin davamıdır. 

Daha əvvəl InfoBRICS məlumat vermişdi ki, Ukrayna Qərb tərəfindən verilmiş 27 ədəd F-16AM qırıcısının təxminən üçdə birini artıq itirib. Nəşrin analitikləri hesab edirlər ki, bu qırıcılar Rusiya Aerokosmik Qüvvələrinin MiQ-31BM, Su-30 və Su-35S tipli müasir təyyarələri ilə rəqabət aparmaqda çətinlik çəkir. Rusiya təyyarələri daha müasir radar sistemləri və uzun mənzilli, o cümlədən hipersəsli R-37M raketləri ilə təchiz olunub.

Bundan əlavə, “19fortyfive” nəşrinin jurnalistləri iddia ediblər ki, Ukrayna Silahlı Qüvvələrinə son dövrlərdə təhvil verilən F-16-ların bəziləri təkmilləşdirilməmiş və köhnəlmiş radar sistemləri ilə təchiz olunub. Bu isə onların döyüş effektivliyini əhəmiyyətli dərəcədə azalda bilər.

Hazırda Ukrayna tərəfi baş verən son insidentin təfərrüatlarını araşdırır. Rəsmi qurumlar yaxın günlərdə hadisə ilə bağlı daha ətraflı məlumat verəcəklər.