Ukrayna ABŞ-dan pulu ilə Patriot sistemləri istədi - Tramp imtina etdi

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dan 10 ədəd Patriot hava hücumundan müdafiə sistemi almaq istədiklərini və bunun üçün 15 milyard dollar ödəməyə hazır olduqlarını bildirib.

"Bizimxeber" yazır ki, Zelenskiyə görə, bu sistemlər Ukrayna şəhərlərini raket hücumlarından qorumaq üçün həyati əhəmiyyət daşıyır.

“Biz almağa hazırıq və bəzi şəhərləri qorumaq üçün ən azı 10 Patriot sistemi lazımdır. Bu, 15 milyard dollardır. Biz bu pulu tapacağıq və hər şeyi ödəyəcəyik”, – deyə prezident CBS News-a müsahibəsində bildirib.

ABŞ-dan imtina, Zelenskidən çaşqınlıq

Amma Ukrayna lideri Vaşinqtonun bu sistemləri verməkdən imtina etdiyini açıqlayıb və bu qərara təəccübləndiyini ifadə edib. Onun sözlərinə görə, ABŞ Ukraynaya “imkan yoxdur” desə də, eyni sistemləri başqa ölkələrə, o cümlədən İsrailə göndərməkdə davam edir.

“Mən başa düşmürəm ki, biz niyə əlavə Patriot sistemləri ilə bağlı razılığa gələ bilmirik. ABŞ deyir ki, bu gün heç bir imkan yoxdur. Amma eyni zamanda belə sistemləri, məsələn, İsrailə ötürürlər”, – deyə Zelenski əlavə edib.

Almaniyanın müdafiə naziri Boris Pistorius isə bildirib ki, Almaniya hazırda Ukraynaya əlavə Patriot sistemləri göndərə bilməz, çünki ölkənin özü həmin sistemlərin tədarükünü gözləyir.

Buna baxmayaraq, Pistorius vurğulayıb ki, Berlin 2029-cu ilə qədər Ukraynaya ümumilikdə 11 milyard avroluq hərbi yardım göndərməyi planlaşdırır.

Patriot sistemləri yüksək dəqiqlikli hava hücumundan müdafiə kompleksləri sayılır və əsasən ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarına qarşı istifadə olunur. Ukrayna şəhərlərinin intensiv raket hücumlarına məruz qalması fonunda bu sistemlər Kiyev üçün strateji əhəmiyyət kəsb edir.