Ukraynada elektrik enerjisi şəbəkəsinin nominal gərginlik səviyyəsi dəyişdiriləcək. Bu barədə qərar Energetika və Kommunal Təsərrüfatların Dövlət Tənzimlənməsi üzrə Milli Komissiya tərəfindən qəbul edilib.
Hazırda istifadə olunan 220 volt gərginlik standartı 230 volt ilə əvəz olunacaq. Bu dəyişiklik Ukraynanın Avropa İttifaqının enerji standartlarına inteqrasiyası çərçivəsində həyata keçirilir və enerji keyfiyyətinin artırılması, istehlakın səmərələşdirilməsi məqsədi daşıyır.
Milli Komissiyanın qərarına əsasən: “Qərar qüvvəyə mindiyi gündən etibarən yeddi gün ərzində bütün paylayıcı sistem operatorları istifadəçiləri yeni gərginlik səviyyəsi barədə öz rəsmi vebsaytlarında məlumatlandırmalıdır”.
Yeni gərginlik diapazonu da müəyyənləşdirilib: 207 volt – 253 volt
Bu isə 230 voltdan ±10% kənarlaşma çərçivəsində tənzimlənəcək və daha sabit enerji təminatına şərait yaradacaq. Bu qərar 2018-ci ildə qəbul edilmiş "Paylayıcı Sistemlər Məcəlləsi"nə edilən dəyişikliklərin nəticəsidir.
Bununla yanaşı, ölkənin enerji sektoru digər sahələrdə də çətinliklərlə üzləşməkdədir. "Ukrayna GTS-nin operatoru"nun keçmiş rəhbəri Sergey Makoqon bildirib ki, yeraltı qaz anbarları demək olar ki, boşdur. Onun sözlərinə görə, əgər iri miqyaslı qaz idxalı həyata keçirilməsə, ölkə növbəti istilik mövsümünə hazır ola bilməyəcək.
Bu fonda dövlətin enerji şirkəti "Naftoqaz" artıq hazırlıqlara başladığını elan edib. Qurum bildirib ki, anbarlara qaz vurulması prosesi davam edir, lakin bu qazın yerli hasilat, yoxsa idxal hesabına təmin edildiyi hələ dəqiq açıqlanmayıb.