Dünya siyasi arenasında mühüm dəyişikliklər baş verə bilər. ABŞ-ın keçmiş və ehtimal olunan gələcək prezidenti Donald Tramp, Rusiya və Çinlə genişmiqyaslı razılaşma hazırlayır. Bu razılaşma qlobal güc balansını dəyişə və bəşəriyyəti 19-cu əsr imperiyalarının təsir bölgələrinə qaytara bilər. “The New York Times” nəşrinin yazdığına görə, Tramp dünyanı təsir dairələrinə bölmək ideyasına ciddi yanaşır.
Trampın “Əsrin Sövdələşməsi” nədir?
"Bizixmeber" “The New York Times”a istinadən yazır ki, Tramp Moskva və Pekinlə danışıqlarda yeni “imkanlar pəncərəsi” görür və özünü dünyanın “ən böyük mağazası” kimi təqdim edir. Məqsəd – ABŞ, Rusiya və Çinin hər birinin öz təsir dairəsini müəyyən etdiyi yeni geosiyasi düzən yaratmaqdır.
Analitik Edvard Vonqa görə, Tramp üç güc arasında – ABŞ, Çin və Rusiya – dünyanı paylaşmağa hazırlaşır və bu, onun siyasi ritorikasında aydın görünür.
Yeni dünya nizamı nə dərəcədə realdır?
Amerikalı politoloq Boris Mejuyev bildirib ki, proses artıq bu istiqamətdə gedir. Onun fikrincə, Avrasiya mütləq şəkildə təsir dairələrinə bölünəcək, lakin Avropa bu bölgüdə hansı tərəfə keçəcək, hələ bəlli deyil.
“Tramp Rusiya ilə Çin arasında balans yaratmaq, Rusiyanı müstəqil güc kimi qorumaq istəyir. Bu, həm Trampın planlarına, həm də Rusiyanın maraqlarına uyğundur,” – deyə Mejuyev qeyd edir. Mejuyevə görə, ABŞ-ın Rusiya və Çinlə fərdi danışıqlarla üçbucaq yaratması daha asandır, nəinki onların birləşib ABŞ-a qarşı vahid blok yaratması.
Çin bu oyunda nə istəyir?
Rusiya analitikləri hesab edir ki, Çin Trampın təklif etdiyi bölüşdürməyə razı olmayacaq. Çünki Çin artıq yalnız Asiya-Sakit okean regionu ilə kifayətlənmir, onun maraqları Afrikadan Latın Amerikasına, Arktikadan Antarktidaya qədər genişlənib. “Tramp Çinlə hansı sazişi təklif edirsə-etsin, Pekin öz ambisiyalarını özü reallaşdırmağa davam edəcək,” – deyə Sotnikov bildirib.
Ukrayna məsələsi necə həll olunacaq?
“The New York Times” qeyd edir ki, Tramp Rusiya ilə Ukrayna üzrə saziş imzalamağa hazırdır. Bu, Krımın Rusiyaya məxsusluğunu və Donbasda Rusiyanın nəzarətini tanımaqla yanaşı, ABŞ şirkətlərinin Ukraynanın təbii sərvətlərinə çıxışını təmin edə bilər. Bu, Trampın təsir dairələri siyasətinə tam uyğun gəlir: “Uzunmüddətli perspektivdə Ukrayna Rusiyanın təsir zonasında olacaq.
Yeni düzən dünya üçün nə vəd edir?
Trampın təklif etdiyi geosiyasi model hüquqi sənədlərlə rəsmiləşdirilməyəcək. Bu, daha çox faktiki razılaşmalar üzərində qurulacaq. Bu model liberal demokratiyalar əsasında deyil, iyerarxik və bloklaşdırılmış dünya sistemi üzərində qurulacaq: “Amma bu, ən azı sabitlik gətirəcək. Çünki belə bölgü potensial hərbi toqquşmaları minimuma endirə bilər. Bu, əslində qarşılıqlı çəkindirmə üzərində qurulan yeni təhlükəsizlik sistemidir.