Türkiyədə iki tanınmış jurnalist saxlanıb

Türkiyədə müxalif jurnalistlərin həbsi davam edir. Bu dəfə hədəfdə iki tanınmış jurnalist – Timur Soykan və Murat Agirel olub. Aprelin 10-u səhər saatlarında İstanbul polisi onların evlərinə basqın edərək, təhdid və şantaj ittihamları ilə saxlayıb. 

İlk məlumatı “Reuters” yayıb. Məlumata görə, İstanbul məhkəməsinin qərarı əsasında jurnalistlərin evlərində axtarış aparılıb, kompüterlər, telefonlar və sərt disklər müsadirə edilib. Bu qərar İstanbul Baş Prokurorluğunun müraciəti ilə “hədə-qorxu” və “şantaj” maddələri üzrə başlanmış istintaq çərçivəsində verilib.

Saxlanılan jurnalistlər – Soykan və Agirel Türkiyədə tanınan müxalif media qurumu olan Halk TV ilə əməkdaşlıq edirlər. Onlar uzun illərdir dövlət orqanları və iqtidarın siyasətini kəskin tənqid etdiklərinə görə geniş oxucu auditoriyası toplayıblar. 

Hər iki jurnalistin bir neçə araşdırma kitabında dövlət orqanları ilə kriminal qruplar arasındakı əlaqələrə işıq tutduğu qeyd olunur. Bu səbəbdən onlar əvvəllər də müxtəlif hüquqi təzyiqlərə məruz qaldıqları deyilir. 

Xatırladaq ki, martın 24-də Türkiyə polisi 10 jurnalisti həbs etmişdi. Onlar İstanbul və digər şəhərlərdə Əkrəm İmamoğlunun həbsinə qarşı keçirilən aksiyaları işıqlandırdıqları üçün saxlanılmışdılar.

Martın 29-da isə isveçli jurnalist Joakim Medina, Türkiyədəki etirazları işıqlandırmaq üçün ölkəyə gələn zaman “terror təşkilatına üzvlük” və “Ərdoğanı təhqir” ittihamları ilə həbs edilmişdi. İsveç hökuməti bu hadisəyə sərt reaksiya verərək, Ankaradakı səfirindən izahat tələb etmişdi. Medina hazırda yüksək təhlükəsizlikli həbsxanada saxlanılır, burada Türkiyədə siyasi səbəblərlə həbs olunan digər tanınmış simalar da var. O cümlədən İstanbulun müxalif bələdiyyə başçısı Əkrəm İmamoğlu.