ABŞ Prezidenti Donald Trampın dünya ölkələrinin əksəriyyətinə qarşı yeni gömrük tarifləri tətbiq etməsi, qlobal iqtisadiyyatda ciddi sarsıntılar yarada bilər. Bu qərarın bir çox ölkələr üçün neqativ nəticələr doğurması gözlənilsə də, bəzi dövlətlər – o cümlədən Türkiyə bu vəziyyətdən strateji üstünlük qazana bilər.
Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz CNN Türk kanalına verdiyi açıqlamada bu mövzuya toxunaraq, rüsumların ölkəsinə qarşı təsirindən və yaranan fürsətlərdən danışıb. Onun sözlərinə görə, ABŞ tərəfindən Türkiyəyə 10 faizlik tarif elan olunub, lakin bu, hələlik Türkiyənin xeyrinə işləyə bilər.
"Tariflərin qalxması ABŞ bazarına mal satan ölkələrin aqressiv şəkildə digər bazarlara daxil olmasına səbəb olur və biz buna diqqət yetirməliyik", – deyə Yılmaz qeyd edib.
Bu açıqlama göstərir ki, Türkiyə dünyanın əsas ixracatçı ölkələrinin diqqətindən kənarda qalmamaq, eyni zamanda yeni bazarlarda mövqe qazanmaq niyyətindədir. Trampın gömrük tarifləri siyasəti nəticəsində bəzi məhsulların qiymətində eniş müşahidə olunduğu üçün, Türkiyə üçün daha əlverişli ticarət mühiti yarana bilər.
Yılmaz həmçinin Türkiyə ticarət nazirinin ABŞ-a səfəri barədə məlumat verib. Bu səfər zamanı təkcə yeni tariflər deyil, ikitərəfli ticarət əlaqələrinin inkişafı da müzakirə olunacaq.
Trampın qərarı isə Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarda qızğın müzakirələrə səbəb olub. NATO müqaviləsinin prinsiplərinə zidd addım kimi qiymətləndirilən bu tarif siyasətinə qarşı bir sıra ölkələr etirazlarını bildirib.