Türkiyə təbii qaz hasilatını dörd dəfə artırmağı planlaşdırır

Türkiyə gündəlik təbii qaz hasilatını 2028-ci ilin sonuna qədər 9,5 milyon kubmetrdən 40 milyon kubmetrə qədər artırmağı planlaşdırır.

"Bizimxeber" bildirir ki, bunu Energetika və Təbii Sərvətlər nazirinin müavini Ahmet Berat Conkar deyib. 

Conkar qeyd edib ki, hasilatın əsas hissəsi Sakarya yatağından və Osman Qazi platformasından əldə ediləcək. Xüsusilə, Osman Qazi layihəsi gündəlik hasilata əlavə 11 milyon kubmetr qaz qatacaq. Bu artım Türkiyənin enerji təhlükəsizliyini gücləndirmək məqsədilə həyata keçirilən geniş infrastruktur yatırımları fonunda baş verir.

Türkiyə hazırda özünü Avropa və Asiya arasında yerləşən enerji qovşağı kimi təqdim edir. Bu istiqamətdə ölkə həm daxili hasilatı artırır, həm də yeni enerji yolları və təchizat xətləri üzərində çalışır.

Bununla yanaşı, Türkiyə bərpa olunan enerji sahəsində də ciddi planlar qurur. Conkar bildirib ki, 2035-ci ilə qədər yaşıl enerjinin gücü 30 QVt-dan 120 QVt-a qədər artırılacaq. Bu ambisiyalı keçid üçün təxminən 120 milyard dollar həcmində investisiya tələb olunur. Türkiyə 2053-cü ilə qədər karbon neytrallığına nail olmaq niyyətindədir.