Ankaradan gələn məlumatlara görə, Türkiyə Rusiyaya qarşı tətbiq olunan bank sanksiyalarının ləğvinə maraq göstərir. Diplomatik mənbələrin "RİA Novosti"yə verdiyi açıqlamada bildirilir ki, bu addım Türkiyədə və bütövlükdə regionda bank və ticarət əlaqələrinin inkişafına ciddi təkan verə bilər.
Hazırda iki ölkə arasında maliyyə köçürmələri ilə bağlı ciddi problemlər mövcuddur. Türkiyə dövlət bankları hələ də rubl hesabı açmır, bu isə ticarət dövriyyəsini və qarşılıqlı investisiya imkanlarını xeyli məhdudlaşdırır.
“Düşünürəm ki, bu, artıq zərurətə çevrilir. Bank sanksiyalarının ləğvi Rusiya ilə Türkiyə arasında, eləcə də region ölkələri ilə iqtisadi əlaqələrin güclənməsinə kömək edə bilər,” – deyə mənbə bildirib.
Digər tərəfdən, Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Loqvinov qeyd edib ki, ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltmaq qərarı versə belə, Avropa İttifaqı bu xətti davam etdirə bilər. Onun sözlərinə görə, Brüssel tez-tez "əks məntiq"lə hərəkət edir və adi avropalıların maraqlarını nəzərə almır.