Türkiyədə terrorçuluq və prezidenti təhqir etmək ittihamı ilə həbs edilən isveçli jurnalist Joakim Medin sərbəst buraxılıb və artıq İsveçə geri dönür. Bu barədə İsveçin baş naziri Ulf Kristersson sosial şəbəkədə məlumat paylaşıb.
"İsveçli jurnalist Joakim Medin Türkiyədən İsveçə evinə yollanır. O, bir neçə saata yerə enəcək." -deyə Ulf Kristersson yazıb.
Mart ayının sonunda, Dagens ETC qəzetinin əməkdaşı və SVT kanalının müxbiri Medin, İstanbulda hadisələri işıqlandırmaq üçün səfərdə olarkən saxlanılmışdı. İlk olaraq onun yalnız dindirməyə aparıldığı bildirilsə də, sonradan Türkiyə rəsmiləri onun jurnalist fəaliyyətinə görə yox, PKK terror təşkilatı ilə əlaqə qurmaq və Rəcəb Tayyib Ərdoğanı təhqir etmək ittihamı ilə həbs olunduğunu açıqlamışdı.
Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi bəyan etmişdi ki, Medin mətbuat vasitəsilə PKK ilə əlaqə qurmaqda ittiham olunur, bu isə ölkədə ağır cinayət sayılır.
İsveç hökuməti məsələni Avropa İttifaqı və beynəlxalq diplomatik kanallar vasitəsilə gündəmdə saxlayıb. Kristersson, Xarici İşlər Nazirliyinə və avropalı həmkarlarına dəstəklərinə görə təşəkkür edib.