Türkiyədə “Feniks 2025” adlı genişmiqyaslı beynəlxalq hərbi təlimlər keçirlib.
"Bizimxeber" Türkiyə Müdafiə Nazirliyinin məlumatına istinadən bildirir ki, mayın 12-dən 23-dək Konya şəhərində yerləşən Hərbi Hava Qüvvələrinin Üçüncü Baş Komandanlığında baş tutan təlimlərdə 9 ölkənin hərbi bölmələri iştirak edib.
Təlimlərdə ABŞ, Almaniya, Azərbaycan, İtaliya, Qətər, Polşa, Rumıniya, Slovakiya, Səudiyyə Ərəbistanı və ev sahibi Türkiyənin hərbi qüvvələri yer alıb.
Əməliyyatların məqsədi müttəfiq ölkələrin silahlı qüvvələri arasında koordinasiyanı gücləndirmək, birgə əməliyyatların planlaşdırılması və icrası sahəsində təcrübə mübadiləsi aparmaq olub.
“Feniks 2025” təlimləri çərçivəsində müxtəlif ssenarilər əsasında hərbi manevrlər həyata keçirilib, çoxmillətli qüvvələr arasında real döyüş şəraitinə uyğun məşqlər təşkil olunub.
Təlimlər həm regional, həm də beynəlxalq təhlükəsizlik sistemində əməkdaşlıq və qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılmasına yönəlib.