Tunelləri bağlamaqla problemi həll etmək olarmı? - Əzizovdan qəribə təklif...

Bakı şəhərində leysan yağışları zamanı tunellərin və körpüaltı keçidlərin su ilə dolması artıq adi hal alıb. Bu, nəinki nəqliyyatın iflic olmasına, həm də insanların həyatına və əmlakına təhlükə yaratmasına səbəb olur. Belə vəziyyətdə  Bakı meri Eldar Əzizovdan cəmiyyətin gözlədiyi əsas addım problemin aradan qaldırılması üçün sistemli və uzunmüddətli tədbirlərin görülməsidir. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun son açıqlaması bu gözləntilərin əksinə olaraq, məsuliyyətdən yayınma görüntüsü yaradır.

Eldar Əzizov bildirib ki, güclü yağıntılar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyatın girişinə məhdudiyyət qoyulması məqsədəuyğundur. Səbəb kimi isə insanların həyatına və əmlakına olan təhlükənin azaldılması göstərilir. İlk baxışdan bu təklif “təhlükəsizliyi təmin etmək üçün müvəqqəti tədbir” kimi görünə bilər. Amma əslində bu yanaşma problemin həllinə deyil, ertələnməsinə xidmət edir.

Əgər bir şəhərin mühüm nəqliyyat infrastrukturu hər yağışda sıradan çıxırsa, bu, texniki və inzibati boşluqların nəticəsidir. Məhdudiyyət tətbiq etmək əvəzinə, su-kanalizasiya sistemlərinin tam yenilənməsi, tunellərin və keçidlərin müasir texnologiyalarla təchiz olunması vacibdir. Problem bəllidir, qalır onun həlli...

Digər tərəfdən, bu təklif cəmiyyətə belə bir mesaj da verir: "Biz problemi həll edə bilmirik, siz də uyğunlaşın".

Halbuki şəhər rəhbərliyinin vəzifəsi uyğunlaşma istəmək yox, problemi aradan qaldırmaqdır. Əgər hər dəfə bir infrastruktur zəifliyi ortaya çıxdıqda, cavab qadağa və məhdudiyyətlə verilirsə, o zaman şəhər idarəçiliyinin fəaliyyət yükü və məsuliyyəti sual altına düşür.

Bu kimi açıqlamalar həm də ictimaiyyətdə etimad böhranı yaradır. İnsanlar hər gün eyni sualları verir: İllərdir bu sahəyə ayrılan büdcə vəsaiti hara xərclənib? Nə qədər tunel, drenaj sistemi təmir olunub? Bu prosesin hesabatı niyə ictimaiyyətə təqdim edilmir?

Əvəzində isə bir çıxış yolu göstərilir, yağış yağanda tunelləri bağlayaq. Bəs sabah aeroport yolunu, metro stansiyalarını da bağlamaq lazım gələcəkmi?

Şəhər idarəçiliyi qısa müddətli məhdudiyyətlərlə deyil, uzunmüddətli və davamlı həllərlə inkişaf etdirilməlidir. Məhdudiyyət tədbirləri problemin üzərinə salınan müvəqqəti pərdədir. Əgər bu pərdənin arxasında həll yoxdursa, demək, su yenə gələcək və yenə boğacaq.

Ədil Hüseynov
Bizimxeber LİVE BLOG