“Bizimxeber” CNN Ərəb xidmətinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp gələn ay planlaşdırılan Yaxın Şərq səfəri çərçivəsində Türkiyəyə də baş çəkməyi nəzərdən keçirir.
Ağ Evin yüksək rütbəli rəsmisinin və CNN-ə danışan mənbələrin bildirdiyinə görə, Trampın səfəri Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini əhatə etdikdən sonra Türkiyəyə yönələ bilər. Lakin səfərin detalları hələ dəqiqləşdirilməyib və yekun qərar verilməyib.
Məlumatda deyilir ki, Donald Tramp bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla son telefon danışığında fikir mübadiləsi aparıb. Mənbələr prezidentin səfər çərçivəsində İsraili ziyarət etməyi planlaşdırmadığını da qeyd ediblər.
Tramp daha əvvəl Ərdoğanla münasibətləri barədə müsbət fikirlər səsləndirmişdi. Bu həftə Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüş zamanı Tramp bildirib: “Mənim Türkiyə ilə və onların lideri ilə çox, çox yaxşı münasibətim var”.
ABŞ prezidenti həmçinin Suriyanın keçmiş lideri Bəşər Əsədin devrilməsində Ərdoğanın roluna toxunaraq onu “sərt adam, çox ağıllıdır və heç kimin edə bilməyəcəyini etdi” sözləri ilə xarakterizə edib.
Əgər səfər reallaşsa, bu, Trampın prezident kimi Türkiyəyə ilk rəsmi səfəri olacaq.
Qeyd edək ki, Trampdan əvvəlki prezidentlərdən Corc Buş 2004-cü ildə, Barak Obama isə 2009 və 2015-ci illərdə Türkiyəni ziyarət etmişdi. Mart ayında isə prezident Ərdoğanın apreldə Ağ Evdə Tramp ilə görüş təşkil etməyə çalışdığına dair xəbərlər yayılmışdı.