Qətər hökumətinin ABŞ-ın prezidenti Donald Trampa hədiyyə etməyi planlaşdırdığı dəbdəbəli Boeing 747-8 təyyarəsinin interyer görüntüləri internetdə yayılıb. "Bizimxeber" “Semafor” nəşri tərəfindən dərc olunan fotolarda təyyarənin adətən dövlət başçılarına məxsus ola biləcək lüks səviyyədə təchiz olunduğu görünür.
Təyyarənin yuxarı göyərtəsində geniş qonaq və iki yataq otağı, plazma televizoru ilə təchiz olunmuş oturma sahəsi, şəxsi ofis, iki vanna otağı və mətbəx yerləşir. Salonun dizaynı bej tonları və ağac bəzəkləri, dəri oturacaqlar və ətraf işıqlandırma ilə müşayiət olunur ki, bu da təyyarəni sözün əsl mənasında “uçan saray”a çevirir.
“Semafor” bildirir ki, təqdim olunan fotolar Qətərin Trampa hədiyyə etməyi planlaşdırdığı təyyarəyə uyğun olan modelin – Boeing 747-8-in spesifikasiyalarına əsaslanır. Bu modelin təxmin edilən bazar dəyəri 400 milyon dollar civarındadır.
Lakin bu dəbdəbəli hədiyyə ətrafında siyasi qalmaqal da yaranıb. ABŞ Konqresinin Demokrat üzvü Ritchie Torres, Trampın Qətər kral ailəsindən belə bir bahalı hədiyyə alacağı ilə bağlı yayılan xəbərlər fonunda araşdırma başlatmağa çağırıb. Torres bunun etik və hüquqi baxımdan ciddi suallar doğurduğunu bildirib.