/BX LiveBLOG/
Hollivudun döyüş sənəti ulduzu, "Əlçatmaz Hədəf", "Qanlı İdman" kimi filmlərlə milyonların sevimlisinə çevrilən Jan-Klod Van Dammın adı olduqca ciddi və narahatedici bir cinayət işində hallanır.
Rumıniyanın "Hotnews" portalının yaydığı məlumata görə, məşhur aktyor Rumıniyada fəaliyyət göstərən insan alveri şəbəkəsi ilə bağlı açılan cinayət işində müttəhim (iştirakçı) kimi yer alıb.
Mənbənin bildirdiyinə görə, hadisələr təxminən 10 il əvvəl Fransanın məşhur Kann şəhərində baş verib. İddialara əsasən, Van Damm həmin vaxt Kannda olarkən, insan alverinin qurbanı olan və fahişəliyə məcbur edilən Rumıniya əsilli beş qızın "xidmətindən" istifadə edib.
Qurbanlardan birinin vəkilinin açıqlamasına görə, Van Damma qarşı irəli sürülən ittiham "bilə-bilə istismara məruz qalan şəxsin cinsi xidmətlərindən istifadə etməkdir".
İddia olunur ki, qızları aktyor üçün seçən şəxs, eyni zamanda "EuroDemos" adlı qeyri-kommersiya təşkilatının (əslində model agentliyi kimi fəaliyyət göstərdiyi güman edilir) prezidenti olan iş adamı Morel Bolya olub. Məhz Bolyanın bu cinayət şəbəkəsinin təşkilatçılarından biri olduğu deyilir. /Bizimxeber Live BLOG/