İş adamı İlon Maska məxsus Tesla şirkəti Cybercab robotaksisləri və Semi elektrik yük maşınları istehsal etmək planlarını həyata keçirməkdə ciddi çətinliklərlə üzləşib.
Reuters mənbəyə istinadən xəbər verir ki, buna səbəb ABŞ prezidenti Donald Trampın Çinə qarşı tətbiq etdiyi rüsumlar olub.
Eyni zamanda agentlik qeyd edib ki, əvvəlcə Çindən idxal olunan mallara tətbiq edilən 34%-lik tariflər şirkət üçün fəlakətli görünmürdü , çünki Tesla xərclərin bir hissəsini ödəməyə hazır idi. Ancaq Çinin cavab tədbirlərindən sonra o, planlarına yenidən baxmalı oldu.
Mask, Cybercab və Semi-nin əhəmiyyətini vurğulayaraq, onları şirkətin böyüməsi və son illərdə qarşılaşdığı problemləri həll etmək üçün açar adlandırdı. Teslanın yaxın aylarda Çindən lazımi komponentləri alacağı, satışların isə 2026-cı ildə başlayacağı gözlənilirdi.
Daha əvvəl Tramp demişdi ki, yeni tariflər hökumətə böyük gəlir gətirir. O, həmçinin qeyd edib ki, ölkə üzrə demək olar ki, bütün malların, o cümlədən ərzaq və yanacağın maya dəyəri ucuzlaşır. Amerika lideri aprelin 2-də digər ölkələrdən gələn tədarüklərə qarşılıqlı rüsumların tətbiq ediləcəyini açıqladı; baza minimum dərəcəsi 10% təşkil edirdi.
Çinə münasibətdə ABŞ-ın yeni tarifləri ilkin olaraq 54% təşkil edib, Pekin isə 34% rüsum tətbiq edib. Sonradan ABŞ və Çin tarifləri bir neçə dəfə artırıb və hazırda ABŞ-ın tarifləri 145%, Çininki isə 125% təşkil edir.