/BX LiveBLOG/
Myanmanın mərkəzində baş verən 7,7 bal gücündəki dağıdıcı zəlzələ nəticəsində 2000-dən çox insan həyatını itirib, 3400-dən çox insan yaralanıb və 300-dən çox insan hələ də itkin düşüb. Hadisə ilə əlaqədar olaraq, Myanma hökuməti 7 günlük milli matəm elan edib. Matəm günlərində dövlət bayraqları yarıya qədər endiriləcək.
"Bizimxeber" bildirir ki, cümə günü baş verən zəlzələ, geniş dağıntılara və böyük insan itkilərinə səbəb olub. Dövlətin MRTV kanalının verdiyi məlumata görə, bu matəm dövründə dövlət bayraqları yarıya qədər dalğalanacaq.
Zəlzələnin təsirini müzakirə etmək və xilasetmə əməliyyatlarını koordinasiya etmək məqsədilə Myanma xuntasının lideri, general Min Aunq Hlainq, Malayziyanın baş naziri Ənvər İbrahim ilə telefon danışığı aparıb.
Beynəlxalq cəmiyyət də bu faciəyə reaksiya verib. Rusiya, Hindistan, Çin, Tailand, BMT, BƏƏ və digər ölkələr təbii fəlakətin təsirlərinə yardım etmək üçün humanitar yardımlar və mütəxəssis axtarış-xilasetmə qrupları göndərib.