ABŞ prezidenti Donald Trampın 79-cu doğum günü münasibətilə bu il Vaşinqtonda böyük hərbi paradın keçirilməsi planlaşdırılır. 14 iyun tarixinə təsadüf edən bu tədbir Amerika Birləşmiş Ştatları Ordusunun 250 illik yubileyi ilə də üst-üstə düşür.
"Bizimxeber" Associated Press və digər media qurumlarına istinadən bildirir ki, sənədlərə görə, paradın təşkilinə 6500-dən çox hərbçi, təxminən 150 hərbi texnika, 50-yə yaxın helikopter və 7 hərbi orkestr cəlb olunacaq. İştirak edəcək texnikalar arasında Stryker zirehli maşınları, Bradley döyüş maşınları, Paladin haubitsaları və müxtəlif tank modelləri yer alacaq.
Tədbirdə həm aktiv xidmət edən hərbi qulluqçular, həm də tarixi canlandırma qrupları çıxış edəcək. Sənədlər hələ Ağ Evdə rəsmi şəkildə təsdiqlənməyib, lakin hazırlıq işlərinin son mərhələdə olduğu bildirilir. Fox News-un məlumatına görə, bu möhtəşəm tədbirin on milyonlarla dollara başa gələcəyi proqnozlaşdırılır. Xərclərə qoşunların və texnikanın Vaşinqtona daşınması, yerləşdirilməsi və təminatı daxildir.
Ağ Evin Daxili Siyasət Şurasının direktoru Vince Haley “The Guardian” nəşrinə açıqlamasında bildirib ki, bu tədbir azadlıqlar uğrunda canını fəda etmiş amerikalı əsgərlərin nəsillərinə ehtiram göstərmək məqsədi daşıyır.
Qeyd edək ki, tədbirlə bağlı bəzi təfərrüatlar hələ də müzakirə mərhələsindədir. Rəsmi təsdiq gələn kimi paradın marşrutu və saatı ictimaiyyətə açıqlanacaq.