ABŞ prezidenti Donald Tramp beynəlxalq gündəmə səs salan yeni açıqlaması ilə çıxış edib.
C-SPAN telekanalına verdiyi açıqlamada Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putinə Ukraynada atəşi dayandırmaq üçün “son tarix” təyin edib. Bununla belə, o, bu tarixlə bağlı konkret təfərrüatları açıqlamaqdan və müzakirələrin hansı formatda aparıldığını deməkdən imtina edib.
“Mən Putinə atəşi dayandırmaq üçün son tarix təyin etmişəm,” – deyə Tramp bildirib, lakin əlavə informasiya verməkdən yayınaraq məsələnin “həssas və diplomatik xarakter daşıdığını” vurğulayıb.
Tramp daha əvvəl El Salvador prezidenti Nayib Bukele ilə keçirilən danışıqlarda da Ukrayna münaqişəsinin həllinə dair “konstruktiv təkliflərin” yaxın zamanda ortaya çıxacağına inandığını söyləmişdi. Prezident, xüsusilə mülki insanların həyatını qorumağın vacibliyini ön plana çəkərək ABŞ administrasiyasının bu istiqamətdə ciddi addımlar atdığını qeyd edib.
Digər tərəfdən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-la danışıqların çətin və qeyri-müəyyən getdiyini bildirib. Onun sözlərinə görə, Vaşinqton tərəfi hələ də böhranın əsas aspektləri üzrə aydın mövqe ortaya qoymayıb. Lavrov həmçinin danışıqların davam etdiyini, lakin razılaşmaya nail olmağın asan olmadığını vurğulayıb.
Bu arada Trampın Ukrayna prezidenti Vladimir Zelenskinin “Patriot” hava hücumundan müdafiə sistemləri ilə bağlı “sonsuz və əsassız tələblərindən” danışması Kiyevdə ciddi narazılığa səbəb olub. Ukrayna Ali Radasının deputatı Maryana Bezuqlya bu açıqlamaya sərt reaksiya verərək, ABŞ-ın artıq Ukraynanın deyil, Rusiyanın tərəfini tutduğunu iddia edib. Hətta o, ABŞ-la diplomatik münasibətlərin dayandırılması təklifini də gündəmə gətirib.