Trampdan Putinə növbəti həmlə - "Masaya gəl, razılaş və bitir"

ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putinə çağırış edərək Ukraynaya qarşı hərbi əməliyyatları dərhal dayandırmağı və sülh sazişi imzalamağı tələb edib.

"Pravda Avropa"nın xəbərinə görə, Tramp bu açıqlamanı prezident təyyarəsinə minməzdən əvvəl jurnalistlərə verib. Amerika lideri bildirib ki, Rusiya raketlərinin Ukrayna şəhərlərinə uçması onu dərin narahat edir.

Jurnalistlər "Putindən nə gözləyirsiz" sualını verdikdə, Tramp açıq şəkildə cavab verib: "Onun atışmaları dayandırmasını, masa arxasında əyləşməsini və razılaşmasını istəyirəm. Biz artıq razılaşmanın konturlarını müəyyən etmişik. İstəyirəm bunu həyata keçirək və işi başa çatdıraq". 

Rusiyaya qarşı mümkün təzyiqlərlə bağlı suallara cavab verən Tramp əlavə edib ki, o, çox şey edə bilər: "Bunu etmək istəmirəm, amma bizim çox güclü tərəflərimiz var".

Xatırladaq ki, bir neçə gün əvvəl Vatikanda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşən Tramp, Rusiyanın Ukrayna şəhərlərinə endirdiyi son zərbələri kəskin şəkildə tənqid etmişdi. Eyni zamanda, Tramp, Putinin müharibəni bitirmək istədiyinə şübhə etdiyini əlavə edərək və onu yeni sanksiyalarla hədələyib.

Bu arada ABŞ dövlət katibi Marko Rubio da çıxış edərək bildirib ki, qarşıdan gələn həftə ABŞ-ın Rusiya və Ukrayna arasında müharibəni dayandırmaq səyləri baxımından "kritik" olacaq.