ABŞ-ın aparıcı ali təhsil ocaqlarından biri olan Harvard Universiteti, kampusda antisemitizmlə mübarizə məqsədi ilə Ağ Ev tərəfindən irəli sürülən geniş tələblər siyahısını rədd etdikdən sonra 2,2 milyard dollar dəyərində federal maliyyə və 60 milyon dollarlıq müqavilələrdən məhrum edilib.
Aprelin 3-də universitet rəhbərliyinə göndərilən tələblər siyahısı, idarəetmə, işə qəbul və qəbul siyasətində dəyişiklikləri, həmçinin müxtəliflik ofislərinin bağlanması və beynəlxalq tələbələrin yoxlanılması üçün immiqrasiya orqanları ilə əməkdaşlığı nəzərdə tuturdu.
Harvard prezidenti Alan Garber, müəllim və tələbələrə ünvanladığı məktubda hökumətin bu tələblərinə sərt reaksiya verərək bildirib ki, Harvard nə müstəqilliyindən, nə də konstitusion hüquqlarından imtina edəcək. Hökumətin təzyiqləri qarşısında geri çəkilməyəcək.
Cavab olaraq Tramp administrasiyası bildirib ki, bu mövqe “narahatedici hüquq düşüncə tərzini” təcəssüm etdirir və vergi ödəyicilərinin dəstəyi ilə maliyyələşən ali təhsil müəssisələrinin məsuliyyət daşımalı olduğunu vurğulayıb.
“Yəhudi tələbələrin təqib edilməsi dözülməzdir. Elit universitetlər ciddi dəyişikliyə getməlidirlər,” – deyə Trampın Antisemitizmlə Mübarizə üzrə Birgə İşçi Qrupu bildirib. Harvard ötən maliyyə ilində 6,5 milyard dollarlıq gəlir əsasında 45 milyon dollar əməliyyat profiti əldə edib. Lakin bu, universiteti artan siyasi təzyiqlərdən qoruya bilməyib.
Respublikaçı konqresmen Elise Stefanik, Harvardı “ali təhsildə mənəvi və akademik çürümənin təcəssümü” adlandıraraq, maliyyənin tamamilə kəsilməsinə çağırıb.
Son il ərzində ABŞ universitetləri, xüsusilə də İsrailin Qəzzaya qarşı hərbi əməliyyatlarına etiraz edən tələbələrin təşkil etdiyi aksiyalar səbəbilə ciddi müzakirə mövzusuna çevrilib. Harvardın bu məsələdə sərgilədiyi sərt mövqe, Kolumbiya Universitetinin güzəştli addımları ilə ciddi şəkildə fərqlənir.
Xatırladaq ki, Kolumbiya Universiteti Tramp administrasiyasının 400 milyon dollarlıq qrantı kəsməsindən sonra tələbə intizam prosedurlarını yeniləyib, təhlükəsizlik komandasını gücləndirib və 36 yeni zabit işə götürüb.
Eyni zamanda, iki Fələstin tərəfdarı təşkilatçı – Mahmud Xəlil və Möhsün Mahdavi də hökumət tərəfindən hədəfə alınıb. Mahdavi vətəndaşlıq müsahibəsi zamanı həbs olunub, Xəlilin isə deportasiyası gündəmdədir.
Alan Garber sonda bildirib: “Heç bir hökumət – hansı partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq – bizə nə öyrədəcəyimizi, kimi işə götürəcəyimizi və hansı araşdırmaları aparacağımızı diktə edə bilməz.”