ABŞ prezidenti Donald Tramp, Rusiya və Ukrayna arasında uzun sürən müharibəyə son qoymaq məqsədilə sülh təşəbbüslərində şəxsən iştirak etməyə hazır olduğunu bildirib. Bu barədə Ağ Evin sözçüsü Caroline Levitt, jurnalistlərə açıqlamasında deyib.
“Əgər məsələ bu nöqtəyə gəlib çatarsa, Prezident Tramp həm Vladimir Zelenski, həm də Vladimir Putinlə birbaşa görüşə açıqdır,” – deyə Levitt bildirib.
Açıqlama ilk dəfə olaraq "European Pravda" tərəfindən yayımlanıb və bu bəyanat Tramp administrasiyasının müharibəyə diplomatik həll yolları axtardığını göstərir.
Ağ Evin sözçüsü qeyd edib ki, ABŞ administrasiyası müharibənin tez bir zamanda sona çatmasını prioritet hesab edir. Trampın hər iki liderə, Zelenskiyə və Putinə bu barədə həm açıq şəkildə, həm də qapalı görüşlərdə mesaj verdiyi vurğulanıb:“Çoxlu sayda insan həyatını itirib. Prezident Tramp bu münaqişənin silahla deyil, masa arxasında həll olunmasını istəyir”.