Amerikalı köşə yazarı Marc Championun fikrincə, ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllindən uzaqlaşmaq niyyətindədir.
"Bizimxeber" bildirir ki, Bloomberg-də dərc olunan məqalədə Marc Champion qeyd edir ki, Trampın əsas məqsədi Rusiya ilə münasibətləri bərpa etmək və bununla ABŞ iqtisadiyyatına fayda qazandırmaq olub. Onun fikrincə, bu prosesdə ən böyük maneə Ukraynaya göstərilən ABŞ dəstəyidir. Məhz buna görə də Tramp Kiyevə yardımı dayandırmaq və sülh prosesində iştirakdan imtina etməklə bu əngəlləri aradan qaldıra bilər.
Məqalədə bildirilir ki, Tramp və Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığından sonra Avropa və Ukrayna münaqişə ilə üz-üzə qalıb. Marc Champion hesab edir ki, Trampın prioriteti Ukraynada müharibəni dayandırmaq yox, Vaşinqton-Moskva əlaqələrini yenidən qurmaqdır.
Trampın sülhdən imtinası Moskvanın xeyrinə işləyə bilər...
Marc Championun qənaətinə görə, ABŞ Konqresi Trampdan konkret tədbirlər görməyi tələb etmədiyi halda, o, sülh danışıqlarını davam etdirməkdə maraqlı olmayacaq və diqqətini iqtisadi mənfəət gətirən sahələrə yönəldəcək. Bu isə daha çox Rusiya üçün əlverişli nəticələr doğura bilər.
Məqalədə Trampın siyasətinin ABŞ-ın ənənəvi beynəlxalq öhdəliklərinə zidd olduğu vurğulanır. Ukrayna ilə bağlı sülh danışıqlarından çəkilmək və eyni zamanda iqtisadi maraqlarla hərəkət etmək siyasəti, həm Avropa Birliyi, həm də NATO üzvü olan ölkələrdə ciddi narahatlıq doğura bilər.