Tramp sistemsiz qərarlarını idarə edə bilmir - Xi Jinping ilə görüşmək istəyir

ABŞ prezidenti Donald Tramp Çin ilə ticarət müharibəsinin qızışdığı bir vaxtda qorxaq açıqlama verib. O, Çin lideri Xi Jinping ilə görüşməyə hazır olduğunu bildirib və onu "dostum" adlandırıb.

CNN-in məlumatına görə, Tramp jurnalistlərin suallarını cavablandırarkən Xi ilə danışıqların və ya görüşün gündəmdə olub-olmadığını soruşduqda, qısa və aydın cavab verib: “Əlbəttə, o mənim dostumdur. Ondan xoşum gəlir. Təbii ki, onunla görüşəcəm". 

Bu açıqlama ABŞ və Çin arasında qarşılıqlı olaraq yeni tariflərin tətbiq edildiyi gərgin bir dövrə təsadüf edir. Tramp daha sonra əlavə edib ki, məqsədi ABŞ və bütövlükdə dünya üçün "doğru olanı" etməkdir: “Hər kəs həqiqətən sövdələşmə etmək istəyir. Biz ölkəmiz üçün doğru olanı etmək istəyirik, həm də dünya üçün doğru olanı.”

Trampın bu dostyana ritorikasına baxmayaraq, ticarət müharibəsi sərt formada davam edir. ABŞ prezidenti ilk olaraq Çindən idxal olunan bütün mallara 54% rüsum tətbiq edəcəyini açıqlayıb ki, bu da bütün xarici ölkələr arasında ən yüksək tarif göstəricisidir.

Çin cavab olaraq aprelin 10-dan etibarən ABŞ-dan idxal edilən bütün mallara 34%-lik gömrük rüsumları tətbiq edəcəyini bildirib. Tramp bu addıma sərt reaksiya verib və Çin öz tarif tədbirlərini ləğv etməzsə, əlavə olaraq 50%-lik rüsumlar tətbiq edəcəyini bəyan edib. Pekinin cavabı isə daha sərt olub: ABŞ-a qarşı tariflər 84%-ə qaldırılıb.

Bütün bu qarşılıqlı addımların ardınca Tramp aprelin 9-da yeni bəyanatla çıxış edib – Çin mallarına tətbiq edilən tariflərin dərhal 125%-ə yüksəldiləcəyini açıqlayıb.